Profilinə görə regionda yeganə tibb müəssisəsi olan AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Talassemiya Mərkəzində 20 Yanvar hadisələrinin ildönümü anılıb.

20.01.2019

Anım tədbirində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov və direktorun elmi işlər üzrə müavini Ramin Bayramlı çıxış edib. Bildirilib ki, tarixə, insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 20 Yanvar hadisələri və bu faciənin qurbanları xalqımızın qəlbində əbədi yaşayacaq.

Bildirildi ki, Azərbaycana qarşı soyqırımı həyata keçirmiş Sovet rejiminə qarşı ən kəskin bəyənatı, o vaxt Moskvada yaşayan, ümummilli lider Heydər Əliyev  verdi. Ulu öndər faciə törədiləndən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kəskin pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. O, bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi.

Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayət hadisəsinə obyektiv qiymət verildi. Məhz ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Böyük tarixi şəxsiyyətin fərmanı ilə 137 nəfərə 20 Yanvar şəhidi adı verilmişdir.

20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Şəhidlərimizin qanı bahasına əldə olunmuş bugünkü müstəqilliyimizin bünövrəsinin necə qoyulduğunu, bu şərəfli tariximizi gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqdır.

∎ Məqalənin sonu

87, Mirəli Qaşqay,

Bakı, Azərbaycan

[email protected]

Onlayn müraciət
Çağrı Mərkəzi